Fransa silah-sursat verməklə Ermənistanı yeni avantüraya sürükləyir

2020-ci ildə İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbə qazanması ilə regionda yeni vəziyyət yaranıb. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan bir tərəfdən Ermənistanla daimi sülhün bərqərar olmasına çalışır, digər tərəfdən də regional sabitlik üçün böyük səylər göstərirdi. Bu kontekstdə o, çoxşaxəli xarici siyasət yeridirdi. Bu siyasət Azərbaycanda bir sıra mühüm nəticələrə səbəb oldu.

Zafer Tv xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

“Ancaq Ermənistan eyni addımları atmadı. Öhdəliklərini yerinə yetirmək əvəzinə, yeni iddialar irəli sürərək, Qərb dünyasını, xüsusən də Fransanı arxasına alaraq yeni avantüralar ardınca getməyə üstünlük verdi. Azərbaycanla Ermənistan arasında münasibətlərin müəyyənləşdirilməsində təkcə hər iki tərəfin iradəsi deyil, həm də xarici qüvvələrin Ermənistana təsiri önəmlidir. Burada xüsusilə Fransa Cənubi Qafqaza nüfuz etmək üçün Ermənistana təsirindən istifadə edərək, regionda sabitliyi pozmaq siyasəti aparır. Fransa silah-sursat verməklə Ermənistanı yeni avantüraya sürükləyir. Fransa diasporun dəstəyi ilə ölkədəki zəif siyasi nüfuzdan istifadə edərək Ermənistanı Azərbaycana qarşı müharibəyə sürükləyir.

Azərbaycan həmişə olduğu kimi problemin sülh yolu ilə həllinə yönəlmiş siyasət aparır. Amma Ermənistanın yürütdüyü siyasət artıq dözümlü deyil. Azərbaycanın 44 günlük Vətən Müharibəsində olduğu kimi, problemi özünün həll etməsi mühüm variant kimi qiymətləndirilir. Bölgədəki yeni reallıq Azərbaycanın bu gücdə olduğunu göstərəcək. Belə olan halda Türkiyə Şuşa bəyannaməsində yer alan müttəfiqlik müddəalarına əsasən həmişə olduğu kimi, qardaş ölkənin bütün imkanları ilə yanında olacaq. Nəticədə belə bir variant yaranarsa, ən çox Ermənistan zərər çəkəcək”, – deyə o bildirib.