Ermənistanda etirazlar regionlarda da yayılır

Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri Baqrat Qalstanyan şənbə günü gənclərin iri miqyaslı mitinqini elan edib, həmçinin etiraz aksiyalarının coğrafiyasının genişləndirilməsinin zəruriliyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə yerli xəbər portallarının yayımladığı dünənki aksiyasında bildirib.

“Şənbə günü gənclərin böyük toplantısı keçiriləcək. Yeri və vaxtı daha sonra elan edəcəyik. Bizə yer verməkdən qorxurlar, – arxiyepiskop deyib.

O, həmçinin əlavə edib ki, müxalifətin təsir dairəsini genişləndirməsi lazımdır: “Yaxın günlərdə regionlara, o cümlədən bu illərdə xidmət etdiyim yerlərə getməyi planlaşdırıram. Hərəkat bütün Ermənistan ərazisini əhatə etməlidir. Bizim mübarizəmiz İrəvanın mərkəzi ilə məhdudlaşmamalıdır. Tezliklə hamınız buna cəlb olunacaqsınız. Ölkəmizin həm xarici, həm də daxili həyatında gündəmi diktə edəcəyik”.