Novo-Oqarevoda Putin – Paşinyan görüşünün Ermənistanın tərəfinin israrlı tələbi əsasında reallaşdığı güman edilsə də Putinin istəyi əsasında baş verib.
Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Vasif Əfəndi bildirib.
O qeyd edib ki, Putinin Ukraynanın Şərqində növbəti irimiqyaslı hücumlar təşkil etdiyi bir dövrdə Paşinyana zaman ayırmasının bir neçə səbəbi ola bilərdi: “Bunlardan birincisi, Ukrayna savaşında faktiki olaraq bütün dünyadan təpki aldığı bir şəraitdə Ermənistanı dəvət edərək tək qalmadığı görüntüsünü verməkdirsə, digər səbəb isə son günlərdə erməni separatçılarının Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yeni müdafiə qurğuları inşa etmək cəhdlərinə Azərbaycan ordusunun müdaxiləsi ola bilər. Məncə hər iki variant eyni zamanda üst-üstə düşüb. Daha bir səbəb isə İlham Əliyevlə Nikol Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə Rusiyanın iştirakı olmadan təşkil edilmiş görüşdən Moskvanın narahat qalmasıdır. Putin Ukrayna cəbhəsində çox ciddi problemlərlə üzləşdiyi bir zamanda onun başı üzərindən təşkil edilmiş görüşdən razı qalması da mümkün görünmürdü və onun reaksiyasının olacağını da istisna etməməliyik”.
V.Əfəndi qeyd edib ki, görüşün jurnalistlər üçün təşkil olunmuş hissəsində həm Paşinyanın dilindən, həm də Putin tərəfindən Qarabağ inzibati rayonu ərazisində problemlərin olduğu dilə gətirildi: “Bu məqamda diqqətimi çəkən Paşinyanın “Dağlıq Qarabağ”, Putinin isə sadəcə Qarabağ ifadəsini işlətməsi oldu. Əslində Putin bir daha Paşinyana mesaj olaraq nəzərinə çatdırdı ki, hüquqi cəhətdən Dağlıq Qarabağ adında problem mövcud deyil. Lakin Paşinyanın çıxışından açıq sezilirdi ki, o Putinin yanına şikayətə gəlib və Azərbaycanın Qarabağ inzibati rayonunda separatçıları müdafiə mövqeləri inşa etməyə mane olmasının qarşısını alınmasını istəyir. Hazırda Ukraynada baş verən proseslərin nəticələrindən asılı olmayaraq biz Qafqazda sülhün dayanıqlı olmasından ötrü çalışmalıyıq. Bu yaxınlarda baş tutan Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü müsbət dəyişikliklərin mümkünlüyünə optimist düşüncələr yaradır. Bu isitiqamətdə daha da fəal çalımalıyıq. Mümkün qədər tez bir zamanda razılaşmada əldə olunan demarkasiya delimitasiya işlərinə başlamalıyıq. Rusiyanın Ukrayna ilə müharibəni nə zaman bitirəcəyini və aramıza girəcəyini gözləməməliyik”.