Azərbaycanda bələdiyyələr “ölü doğulub”

“Hamımız bilirik ki, Azərbaycanda bələdiyyələr “ölü doğulub”. Belə görünür ki, bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması məqsəd deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, icra hakimiyyəti orqanlarının səlahiyyətləri bələdiyyələrə verilməlidir:

“Bir neçə icra başçısı mənə deyib ki, onların səlahiyyəti yoxdur. Mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələri yaradılıb, bütün səlahiyyət onlara verilib. Bələdiyyələr əslində o zaman fəaliyyət göstərmək üçün yaradılmışdı. Beynəlxalq qurumlar qarşımıza məsələ qoydu ki, sizdə seçkili yerli orqan olsun. Buna uyğun şəkildə bələdiyyələr yaradıldı. Bələdiyyələrin fəaliyyətsizliyi ilə bağlı problem ciddidir”.