Yeni hava limanı Qarabağın qapılarının dünya turizminin üzünə açılmasında əvəzsiz rol oynayacaq -Əlisahib Hüseynov
Son günlər həm sosial şəbəkələrdə bol-bol paylaşılan, həm də KİV-də geniş yayılan Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarəmizin enişinin, ilk sınaq uçuşlarının həyata keçirilməsinin görüntülərini, eləcə də AZAL-ın Füzuli əsilli vətəndaşlar üçün Füzuli Beynəlxalq Hava limanında vakant yerlərin açılması barədə elanını görəndə bir çox soydaşlarımız kimi mən də böyük qürur hissi yaşadım. Bu görüntülər, bu elan insanlarımız tərəfindən maraqla, coşqu ilə qarşılandı. Bu da təbiidir. Çünki 30 ilə yaxın bir müddət ərzində düşmən işğalı altında qalan və tamamilə xarabazarlığa çevrilmiş ərazilərimizdə indi bu cür sürətlə beynəlxalq hava limanı tikilir. Bu bir çoxlarımıza gerçəkdən də bir yuxu kimi görünür. Çünki həqiqətən də inanılmaz dəyişiklik, möcüzə misali bir hadisədir. Allahımıza şükürlər olsun ki, biz bu günləri də gördük. Qələbədən sonra Qarabağımızda və Şərqi Zəngəzurumuzda həyat yenidən canlanır.
Onu da xüsusi qeyd etmək lazımdır ki, bütün bunlar Prezident İlham Əliyevin iradəsi və nəzarəti ilə gerçəkləşir. Füzulidə, Zəngilanda və Laçında bu cür strateji əhəmiyyətli hava limanlarının tikilməsi ideyası da məhz dövlət başçımıza məxsusdur. Əlbəttə, buna sadəcə sıradan bir aeroport tikintisi kimi baxmaq olmaz. Bu ilk növbədə işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın varlığının, suverenliyinin möhkəmlənməsinin göstəricilərindən biridir. Və gördüyümüz kimi bu hava limanı nəinki regionda, hətta dünyada ən qısa bir zaman kəsiyində inşa edilən hava limanlarından biridir. Demək olar ki, 4 ay (may-avqust) ərzində sözügedən hava limanının əsas infrastrukturu qurulub və sınaqdan keçirilməyə başlayıb. Şübhəsiz ki, bunu da bir rekord hesab etmək olar. Qarabağın siması, Şərqi Zəngəzurun siması bütün sahələrdə bax bu cür sürətlə dəyişəcək. Prezident İlham Əliyevin bu gün şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə də söylədiyi kimi biz tezliklə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.
Füzuli Beynəlxalq Hava limanı ən yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin simasının köklü şəkildə dəyişməsində mühüm rol oynayacaq və regionun həyatına canlanma gətirəcək, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinə böyük təkan verəcək. Füzuli-Şuşa avtomobil yolunun istifadəyə verilməsini də nəzərə alsaq, Füzuli hava limanı bölgəyə turizm axınının baş verməsində də körpü rolunu oynayacaq. Təyyarə ilə Füzuliyə gələn əcnəbi turistlər buradan ən rahat yolla Şuşaya getmək imkanı qazanacaqlar. Bir sözlə, bu yeni hava limanı Qarabağın qapılarının dünya turizminin üzünə açılmasında əvəzsiz rol oynayacaq. İndi daha çox insan Qarabağın Azərbaycan olduğunu sözdə deyil, realda görə biləcək. Vətənimiz üçün xeyirli-uğurlu olsun!
Əlsahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri