Son bir həftədir ki, Gürcüstanda hökumətə qarşı gərginlik səngimək bilmir. LGBT nümayəndələrinin gerçəkləşməyən “Tiflis Prayd” aksiyasında jurnalistlərə edilən hücumlardan başlayan olaylar artıq məzmun dəyişikliyinə məruz qalır. Əgər əvvəl məsələ yalnız LGBT nümayəndələri və jurnalistlərə edilən şiddətli hücumlar idisə, Pirveli TV-nin operatorunun ölümündən sonra situasiya başqa məcraya keçib.
Dəyişməyən yeganə şey etirazçıların irəli sürdükləri tələblərdir. Bunlar sırasına isə günahkarların cəzalandırılması, hökumətin istefası daxildir.
Hadisələri diqqətlə izləsək, “Tiflis Prayd”la başlayan olayların hələlik əsas qazananının Gürcüstan hökuməti olduğunu söyləmək olar. Bununla belə hazırda yaranan situasiyaya yalnız hansısa gey-parada izn verilib-verilməməsi nəticəsində başlayan çaxnaşma kimi baxmaq əvəzinə, uzun müddət latent formada gedən prosesin növbəti mərhələsinin reallaşması kimi nəzər yetirmək daha doğru olardı.
Gürcü Arzusu niyə güclənir?
Qaribaşvili hökumətinin indiki məqamda qazanan tərəf adlandırılması onun çox ağıllı taktiki addımlar atmasıyla bağlıdır. Əslində ilkin mərhələdə “Tiflis Prayd”a izn verən hökumətin sonradan bundan imtina etməsini də bu baxımdan dəyərləndirmək lazımdır. Gürcüstan toplumunun konservativ olduğunu nəzərə alarsaq, o zaman heç bir hökumətin LGBT azlığın aksiyasına qarşı təşkil edilən etirazın əsas aparıcı və təşkilatçı qüvvəsi olan Gürcü Pravoslav Kilsəsi əleyhinə addım atmayacağını təxmin etmək mümkün idi. Əslində Qaribaşvili hökuməti də bu baxımdan heç kimi təəccübləndirmədi.
Diqqətdən qaçırılmaması gərəkən başqa məqam: təcrübəli və ağıllı Qaribaşvilinin, eləcə də Gürcüstan hökumətinin himayədarı sayılan Bidzina İvanişvilinin “Tiflis Prayd”ın konservativ bir ölkədə etirazlara səbəb olacağını anlamamasını düşünmək sadəlövhlük olardı. Bu baxımdan baş verən proseslərə nəzər yetirdikdə hakim qüvvənin planlı şəkildə hərəkət etdiyini görmək olar.
Qaribaşvili hökuməti siyasətdə cəmiyyətin varlığı və istəklərini nəzərə alır. Gürcü Arzusu cəmiyyətin kilsəyə bağlılığının böyük olduğunu anlayır. Ən azından cari hakim partiya bu reallığı hər zaman diqqətdə saxlayıb və ondan məharətlə istifadə edib. Görünən odur ki, son hadisələrə laqeyd münasibət bəsləməklə hakim partiya bacardığı qədər balansı saxlamağa çalışıb. Belə ki, bir tərəfdən o, LGBT nümayəndələrinə qarşı heç bir zidd bəyanat vermir və bununla AB-ni özündən uzaqlaşdırmır, digər tərəfdən isə hökumət kilsə ilə uzlaşır, özünün də əslində mühafizəkar olduğunu, amma bununla belə qanunlara mütləq əməl edilməsi gərəkdiyini təbliğ edir. Məhz oyunun bu formada qurulması, LGBT aksiyasında nə baş verməsindən asılı olmayaraq, hökumətin cəmiyyətdə öz nüfuzunu itirməməsi və əksinə mövqeyini bir qədər də gücləndirməsi üçün yetərli oldu.
Möhkəmlənmənin, xüsusilə, regionlarda daha çox olduğunu müşahidə etmək mümkündür. Bu isə indiki halda hökumətə birmənalı şəkildə sərf edir. Hətta Pirveli TV operatorunun zorakılıq nəticəsində ölməsi belə seçki öncəsində formalaşan bu mövqeni dağıtmağa kifayət etmir. Gürcü Arzusu belə gözlənilməz olayda mövqeyini qorumaq üçün mərhum operatorun narkotik istifadəçisi olması təbliğatını aparır ki, bu da təsadüfi deyil. Çünki çoxluq olan konservativ kəsim təkcə LGBT yox, həm də narkotik istifadəsinin əleyhdarıdır. Bunu nəzərə alan hökumət bilərəkdən bu istiqamətdə siqnallar ötürür ki, yaranmış situasiyanın öz əleyhinə dönməməsinə nail olsun.
Müxalifət yox olmamaq üçün çarə axtarır
Əslində müxalifət də hökumətin gedişlərini doğru analiz edə bilir. “Tiflis Prayd” zamanı müxalifət hökumətin maksimum şəkildə olaydan faydalandığını, cəmiyyət daxilində dayaqlarını möhkəmlədə bildiyini anlayır. Buna görədir ki, aksiyalar zamanı müxalifətin böyük qismi nisbətən daha yumşaq bəyanatlarla çıxış edərək, əsas vurğunu məhz jurnalistlərə qarşı zorakılığın üzərinə etməyə çalışırdı. Bu da anlaşılandır, çünki müxalifət heç bir halda xüsusən regionlarda yerləşən elektoratının dəstəyini itirmək istəmir.
Baş verən olaylarda müxalifətin əlinə oynayan yeganə məqam nə qədər acı olsa da, müxalifyönlü televiziyanın operatorunun ölümüdür. Bu məqamdan müxalifət maksimum yararlanaraq, oyunun çarxını öz xeyrinə döndərməyə cəhd edir. Məhz bunun üçün “Tiflis Prayd”la başlayan prosesin məzmununu müxalifət də maksimum şəkildə dəyişdirməyə çalışır. Ona görə də o, maksimum şəkildə bütün olayı avrointeqrasiya kursundan imtina, Rusiya ilə yaxınlaşma olduğu üzərində təqdim edir. Bu işdə isə onlara böyük köməyi 5 iyulda baş tutan olaylar zamanı parlament önündəki Avropa Birliyi bayrağının rusiyayönlü Levan Vasadzenin ultrasağçı dəstələri tərəfindən cırılması göstərir. Ona görə də dünən parlamentdə spiker kürsüsünü ələ keçirən bir qrup müxalif deputatın tribunadan, özəlliklə, AB bayraqlarını asaraq, “Gürcüstanın avrointeqrasiyasının tək təminatçısı bizik” mesajını verməsinə bu strategiyanın tərkib hissəsi kimi baxmaq daha məntiqli olardı. Qaribaşvili və Bidzina İvanişvilinin Rusiya ilə bağlı keçmişi isə müxalifətin yaratdığı bu təsəvvürü daha gerçəkçi etməyə imkan verir.
Digər tərəfdən müxalifət hökumətlə mübarizədə xalqın yanında olduğu mesajını verir. Bunun üçün daha radikal addımlar atmağa cəhd edir. Bunlardan ən önəmlisi isə bu gün Vahid Milli Hərəkat Partiyasının yenicə döndüyü parlamentdən təkrar çıxdığını elan etməsidir. Ana müxalifət belə radikal davranışla hökumətin 5 iyulda əldə etdiyi üstünlüyü nisbətən pozacağını güman edir. Bu isə oktyabr seçkisi üçün həddən artıq önəmlidir.
Regional seçkidə məğlubiyyət müxalifətin, xüsusilə, Nika Meliyanın rəhbərlik etdiyi ana müxalifət partiyasının keçən ilin oktyabrında baş tutan parlament seçkisi və ona qədərki dövrdə əldə etdiyi uğurlarının üstündən xətt çəkməsi anlamına gələcək. Bu, yenilənməyə çalışan və hələ davranışlarında yetərli novatorluq göstərməyən müxalifəti yenidən ətalətə sürükləyə bilər ki, o da istənilən halda İvanişviliyə sərf edir. Ehtiyatlı və səbirli İvanişvilinin isə müxalifətlə bağlı xüsusi planlarının olduğu aydın görünür. Belə olmasaydı, ən azından İvanişvilinin adamı sayılan və dolayısı yolla hazırda təbliğatı aparılan Georgi Qaxariyanı indi müxalifətdə görmək olmazdı.
Kilsəyə qarşı oyun: Yeni balans yaranır
Qaribaşvilinin 11 iyulda verdiyi bəyanata diqqət yetirsək görərik ki, o, müxalifəti antidövlət və antikilsə çıxışları etməkdə günahlandırır və baş verənləri uğursuz sui-qəsd adlandırır. Əslində gürcü baş nazir bununla açıq şəkildə müxalifəti həm də kilsəyə hücumda ittiham edir. Amma burada özəlliklə diqqət ediləsi bir incə məqam var. O da ki, Qaribaşvilinin kilsənin bütün olayların mərkəzinə çəkib, əsas hədəfə onu qoymaq istəyidir.
Doğrudur, bunun Qaribaşvilinin siyasi kariyerasına zərbə yaradacağı fikri iddia oluna bilər, amma unudulmaması gərəkən amil odur ki, Gürcüstanda indiki halda son söz faktiki olaraq Qaribaşviliyə məxsus deyil. Bidzina İvanişvilinin sadiq və yaxın adamı olan Qaribaşvili kobud formada desək, onun planlarının icraçısıdır. Bu baxımdan onun siyasi kariyerasına vurulan zərbə heç də onun sonu demək deyil. Hər bir halda Qaribaşvili özü belə bir praktikadan keçib. Bununla bərabər Gürcü Arzusunun ümumi tarixində buna bənzər daha bir neçə məqam mövcuddur.
Əslində kilsə ilk dəfə deyil ki, Gürcüstanda gündəm mövzusu olur. Özəlliklə, son 3 ildə kilsə az qala gündəmdən düşmür. Xüsusilə, Ukrayna Pravoslav Kilsəsinin Rus Pravoslav Kilsəsindən ayrılması Gürcü Kilsəsi ilə də bağlı oxşar mövzunu diqqət mərkəzinə gətirib. Gürcü Pravoslav Kilsəsi avtokefaliyanı rəsmən qəbul etmir və buna görə də kilsənin yepiskop heyəti daxilində parçalanma da yaranıb. Digər tərəfdən II İlyanın yaşlanması, xələfinin müəyyənləşməməsi və patriarxın özünün dəyişikliyə çox meyilli olmaması da kilsə daxilində mübahisələri şiddətləndirib. İndiki halda kilsə formal olaraq qərbyönlü və rusiyayönlülər arasında bölünüb. Ən maraqlı məqam isə kilsənin hazırkı faktiki rəhbəri olan mitropolit Şionun da rusiyayönlü kimi tanınmasıdır.
Əslində avrointeqrasiya kursunda maraqlı olan Gürcüstan hökumətinin özü də kilsə daxilindəki münasibətlərin ictimaiyyətə sızdırılmasında kifayət qədər effektiv rol oynayıb. Təsadüfi deyil ki, kilsə keçən il hökuməti rəsmən II İlyanı devirmək cəhdlərində ittiham edib. Burada həqiqət payının kifayət qədər çox olduğunu güman etmək olar.
Hökumətin kilsəni hədəfə çevirmək istəməsini təkcə yuxarıda sadalananlara bağlamaq doğru olmazdı. Tiflisdə hər kəs anlayır ki, kilsə ölkənin ən nüfuzlu institutlarından biridir və yalnız hökumətin dolayısı zərbələri sayəsində o uzun illərdir insanların ən güvəndiyi institut olaraq mövqeyini orduya təhvil verib. Bununla belə onun nüfuzu hələ də yüksək olaraq qalmaqdadır.
Digər tərəfdən Gürcü Pravoslav Kilsəsinin Rus Pravoslav Kilsəsindən ayrılmaq istəməməsi, Rusiyanın bu xətdən yararlanaraq, Gürcüstanda effektiv rıçaq əldə etməsinə imkan yaradır. Bu isə istənilən halda təkcə avrointeqrasiya kursu götürmüş Gürcüstan hökuməti üçün yox, həm də NATO və AB üçün də qəbuledilməzdir. Qərb bu rıçağın effektivliyinin azaldılmasında maraqlıdır. Bu baxımdan kilsənin maksimum şəkildə rusların marağına xidmət edən qurum kimi qələmə verilməsi və buna görə də onda reformların olmasının vacibliyi dolayısı yolla təbliğ edilir. Ona görə də Qaribaşvili hökumətinin indiki halda Gürcü Pravoslav Kilsəsi yanında dayanaraq, əslində Qərbin içində olduğu və kilsənin nüfuzunun azaldılmasına xidmət edən oyun apardığını güman etmək olar. Bu işdə müxalifətin və ya aktivistlərin belə qanı ifadə edən qırmızı rənglə kilsə qarşısını boyaması də əslində bu oyunun effektivliyini artırır. Amma başqa məqam odur ki, müxalifətin belə aksiyaları kilsədən çox hökuməti hədəf seçərək etməsi, Qaribaşvilinin özünü də təhdid altında qoyur.
Rusiyaya qarşı II dalğa başlayır
Kilsənin nüfuzdan salınma oyununa geosiyasi proseslər çərçivəsində baxmaq daha doğru olardı. Maraqlı olan odur ki, bütün bu prosesin Gürcüstanda siyasi böhranın ortadan qaldırılmasından və ABŞ dövlət katibinin köməkçisi Rikerin bölgəyə səfirindən bir ay sonra baş tutmasıdır. Rikerlə Tiflisdə bu məsələnin gözdən keçirildiyini ehtimal etmək olar. Hər bir halda Gürcüstan hökumətinin ABŞ kimi gücü arxasına almadan belə riskli davranış nümayiş etdirməyə cəsarət etməsi o qədər də inandırıcı görünmür. Proses həm də NATO-nun Qara dənizdə yekun olaraq möhkəmlənmək istədiyi və bu baxımdan Gürcüstanla bağlı önəmli mesajlar verdiyi dönəmə təsadüf edir. Qara dənizlə Xəzər arasından Moskvanı sıxışdırıb çıxartmaq istəyən Qərb üçün bu mühüm həmlə olardı.
Bu fonda ən maraqlı məqam isə Türkiyənin Gürcüstanda təsirini əvvəlki illərə nisbətən artırmasıdır. Ən önəmlisi isə bu işdə Qaribaşvili hökumətinin həddən artıq maraqlı olmasıdır. Türkiyənin NATO gücü və Qərbin bölgədəki maraqlarının müdafiəçisi olduğunu nəzərə alsaq, görünən odur ki, Tiflisdə artıq Rusiyanın son dayaqlarının ölkədən silinməsiylə bağlı yekun qərar qəbul edilib. Son hadisələrdən cəmi bir neçə ay öncə Ankaraya səfər edən Qaribaşvilinin Türkiyədə isti qarşılanması və hətta tərəflərin müsbət mesajlar verməsi, Türkiyəyə qarşı Gürcüstanın intellektual kəsimində münasibətin yavaş-yavaş dəyişməsi, eləcə də Gürcüstan-Azərbaycan-Türkiyə hərbi əlaqələrinin sıxlaşdırılaraq yeni təlim anonsunun verilməsi də buna sübut ola bilər.
Görünən odur ki, Tiflis də regionda II Qarabağ savaşından sonra başlayan böyük dəyişikliklər dalğasından kənarda qalmır. Hazırkı prosesin konkret hansı nəticə ilə bitəcəyini söyləmək çətindir. Yeganə bilinən odur ki, bundan sonra Qərblə Türkiyənin Rusiya ilə bölgə uğrunda apardığı mübarizənin şiddəti bir az da artacaq və təbii olaraq, Moskva da səssiz oturmayacaq.
Hələlik isə Qərb Gürcüstan cəbhəsində əsas rollarda Qaribaşvili-İvanişvili tandeminin olduğu yeni oyunu aparır. /axar.az/