Nikol Paşinyan Laçın-Gorus sərhədində yaranmış böhranın həlli üçün təklif irəli sürüb: Azərbaycan və Ermənistan qoşunları bölgədən geri çəkilir, əvəzində beynəlxalq müşahidəçilər (Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya) – yerləşdirilir; beynəlxalq müşahidəçilərin himayəsi altında sərhədin dəqiqləşdirilməsi işi həyata keçirilir.
Təklifin arxasında Ermənistan və iki həmsədr ölkənin – ABŞ və Fransanın maraqları var.
İrəvanın hədəfi nədir?
1. Təklif qəbul olunarsa, bölgədə Rusiyanın Türkiyə ilə anlaşdığı vəziyyət ABŞ və Fransanın timsalında Ermənistanın xeyrinə balanslaşdırılır;
2. Sərhədlərin müəyyənləşməsi ilə bağlı hazırlanan yeni sənəddə Ermənistanın istəklərini daxil etməsi üçün imkanları genişlənir;
3. Paşinyan “kiçik qələbə” qazanır, hakimiyyəti üçün zəmanət əldə edir və Moskvadan gələcək təhlükələri müəyyən qədər neytrallaşdırır.
Vaşinqton və Parisin hədəfi nədir?
1. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllindən “uzaq” düşən iki ölkə bölgəyə qayıtmaq üçün yeni imkan qazanır;
2. Rusiyanın münaqişənin həllində yeganə həmsədr ölkə kimi vasitəçilik missiyasını yerinə yetirməklə bölgədə artırdığı təsir imkanları yenidən bölüşdürülür;
3. Münaqişənin həllində ABŞ və Rusiyanı əvəz edən Türkiyə bölgədə sıxışdırılır.
Paşinyanın təklifinin İrəvan mətbəxində hazırlanmadığı məlumdur. ABŞ və Fransanın dünən saxlanılan erməni diversantların, o cümlədən, Bakıdakı erməni terrorçuların azad edilməsi çağırışı, Vaşinqtonun “Azərbaycanı qüvvələrini mayın 11-də olduğu mövqeyə yerləşdirməyə çağırması, Ermənistanın bununla bağlı niyyət bəyanatlarını alqışlaması” da bunu təsdiqləyir. Bakıya qarşı olan bu çağırışlar Azərbaycanı təkliflə razılaşmağa sövq etmək məqsədi daşıyır. Dövlət Departamentinin Qarabağla bağlı “substantiv” danışıqları yenidən gündəmə gətirməsinin də hədəfi budur.
Və ən mühüm məqam sərhədə beynəlxalq müşahidəçilərin gətirilməsinin ABŞ-Çin mübarizəsinin bir hissəsi olması detalıdır. Vaşinqton-Pekin toqquşmasının əsas platformalarından birinin Cənubi Qafqaz olacağı haqda yazmışdıq. Çünki Çindən Britaniyaya uzanan “Bir kəmər, bir yol” layihəsi Qarabağ müharibəsindən sonra məhz Cənubi Qafqazda – Azərbaycan üzərində birləşir. Rusiya (Şimal dəhlizi) və İran (Cənub dəhlizi) da Orta dəhlizin keçdiyi Bakıda yaradılan açar haba qoşulmaq reallığı ilə qarşılaşıb. Vaşinqton Pekinin qarşısını məhz bu habda almaq niyyətindədir və bunun üçün layihənin bölgədəki həlledici icraçıları olan Bakı və Ankaranın onunla razılaşmasını istəyir:
– Kommunikasiyaların açılması prosesində ABŞ aktiv iştirakçı olsun;
– Zəngəzur dəhlizindən Mərkəzi Asiyaya çıxış üçün istifadə imkanı əldə etsin (Çinlə növbəti həlledici mübarizə Asiya çöllərində gözlənilir).
Vaşinqton sərhəd məsələsində beynəlxalq müşahidəçi kimi iştirakla bölgədə istəklərinə nail olmaq üçün rıçaqlar əldə edə bilər, Parisin də niyyəti İngiltərə-Türkiyə tandeminə qarşı mübarizəni davam etdirməkdir.
Bakı və Ankaranın son dövrlər sərgilədiyi mövqe bölgədəki qlobal toqquşmanın tərəfi olmaqdan daha çox, müşahidəçi qalmaq, kimin qazanacağına, eləcə də kimin hansı təkliflərlə gələcəyinə baxmaq xəttini tutduğunu göstərir. Bütün hallarda əsas infrastuktur iki qardaşın əlindədir.
Burada Rusiyanın təklifə necə yanaşacağı əsasdır və Moskva üçün bölgəyə beynəlxalq müşahidəçilərin gəlişinin bir-birinin əksi olan iki tərəfi var.
Birinci tərəf:
– Rusiya Qarabağdan sonra gələcəkdə Azərbaycan və Ermənistana vasitəçilik üzərindən təsir etmək imkanı olaraq gördüyü sərhəd məsələsini itirə bilər;
– Həmsədr ölkələrin gəlişi bölgədəki siyasi tarazlığı münaqişənin həllindən öncəki vəziyyətə qaytarır və bu, İrəvanda qərbyönümlü hakimiyyətin olduğu dövrdə ruslara sərf etmir: Moskva Ermənistanı amerikalılarla paylaşmağa məcbur ola və Cənubi Qafqazdakı əsas platformasına risklər yarana bilər;
– Sərhədlə bağlı yeni müqavilə də daxil olmaqla, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalarda Moskvanın təsirləri azala bilər.
İkinci tərəf:
– ABŞ-ın müşahidəçi kimi gəlişi “Bir kəmər, bir yol” layihəsinin bölgədəki habını formalaşdıran Orta dəhlizin aktuallığını azalda və Rusiyanın yerləşdiyi Şimal dəhlizini ön plana çıxara bilər: ruslar Türkiyənin əsas rol oynadığı Orta dəhlizin aktuallığını həm də Mərkəzi Asiyadakı maraqlarına zidd hesab edir;
– Qarabağ məsələsində kənarda qalan digər iki həmsədr ölkənin sərhəd məsələsində iştirakını qəbul etməklə Minsk qrupundakı öhdəliyini yerinə yetirmiş olar: qarşılığında başqa maraqlarının təmin edilməsini istəyə bilər, Vaşinqtonun “Şimal axını – 2” layihəsi üzərindəki sanksiyaları qaldırması belə nümunələrdən biridir.
Prosesin rusların maraqları kontekstində mənfi və müsbət tərəfləri var. Cənubi Qafqazda hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyi Putin-Bayden görüşündən də asılı olacaq. Rusların razılaşa biləcəyi istisna deyil.
Azərbaycan həmsədr ölkələrin beynəlxalq müşahidəçi kimi sərhədlərin müəyyənləşməsinə qoşulmasından Qarabağ məsələsində istifadə edə bilər.
1. Bu, Qarabağın Minsk Qrupunun da gündəliyindən çıxmasına şərait yarada bilər;
2. Bakı Laçın-Gorus sərhədinə beynəlxalq müşahidəçilərin gəlişinə razılıq verməklə qarşılığında ABŞ və Fransadan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi reallığını qəbul etməsini istəyə bilər;
3. Sərhədlə bağlı yeni müqavilədə iki həmsədr ölkənin də iştirakı ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını, o cümlədən, yekun sülh razılaşmasını tezləşdirə bilər.
Hərçənd, bunun üçün iki vacib şərtinin yerinə yetirilməsi tələbi ilə çıxış etməsi mümkündür:
Birincisi, 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların Qarabağdan çıxarılması – icrası həyata keçirilməlidir: bu, Ermənistanın Azərbaycan ərazisinə iddiasının praktiki olaraq aradan qaldırılması və sülh razılaşmasını imzalayacağına zəmanət üçün vacibdir;
İkincisi, beynəlxalq müşahidəçi qismində Ankara da sərhəd məsələsində yer almalıdır, xüsusilə Fransanın iştirakçılığı qarşılığında: Türkiyə Minsk qrupunun digər üzvlərindən biridir; üç əsas üzv – həmsədr ölkələrin missiyası Qarabağ münaqişəsinin həlli idi, indi münaqişə həll edildiyi üçün sərhədlə bağlı məsələdə iştirakçılıq formatına dəyişiklik edilə bilər;
Proseslərin inkişafı bölgədə yeni çətin dövrün başladığını göstərir. Növbəti mərhələdə güclü olmaq üçün Qarabağda erməni hərbi varlığının təxirəsalınmadan ləğvi lazımdr.
(axar.az)