“Azərbaycan Varandadan (Ermənilər Qarabağı işğal etdikdən sonra Füzuli rayonunu belə adlandırırdılar – red) Şuşaya çox yavaş templə yol çəkməyə çalışır. Amma bu, coğrafi cəhətdən və relyef baxımından praktik olaraq mümkün deyil”. Bu iddia ilə qondarma “Qarabağ respublikası” “prezidentinin” sabiq “müşaviri” politoloq Tiqran Abramyan çıxış edib. O, bu iddianı Xocavəndin Qırmızı Bazar qəsəbəsindən keçərək Şuşaya gedən yolun əhəmiyyətindən danışarkən irəli sürüb.
Tiqran Abramyan
Saxta.info Abramyanın Şuşaya yol çəkilişinin mümkün olmaması barədə iddiasının reallığı əks etdirib-etdirmədiyini yoxlayıb.
Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişinə 2020-ci il noyabrın 16-dan start verilib. Bu, Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin 8-ci, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan üçtərəfli bəyanatın 6-cı gününə təsadüf edir. Həmin vaxt layihənin icrası ilə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.
Noyabrın 17-də Azərbaycan Prezidenti Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb. Azərbaycan Prezidenti çıxışında 2021-ci ildə yolun çəkilişi üçün əlavə vəsait ayrılacağını bildirib, layihənin qısa müddətdə ərzində icra olunacağını bəyan edib.
Qeyd edək ki, Azərbaycanda Şuşaya çəkilən bu yol “Zəfər yolu” adlandırılır. Bu isə təsadüfi deyil. Çünki Azərbaycan ordusu Şuşaya məhz bu yolun keçdiyi ərazidən daxil olub və şəhərdə Ermənistanın 28 illik işğalına son qoyub. Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürən “Zəfər yolu” Füzuli, Xocavənd, Xocalı və Şuşanın 20-dən artıq yaşayış məntəqəsindən keçir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, işlərə başlanandan, yənin noyabrın 16-dan cəmi iki ay sonra tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib və Şuşa şəhərinədək 101,5 kilometrlik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib.
Hazırda Şuşanın işğaldan azad olunmasının mənəvi rəmzi olan “Zəfər Yolu”nun genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir. Bu ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Yuxarıda qeyd edildiyi kimi, yolun qısa müddətdə təhvil verilməsi məqsədilə ərazi bir neçə hissəyə bölünüb və tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 və 7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı müəssisələri, həmçinin çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik Türkiyənin “Kolin İnşaat” şirkəti və bir yerli şirkət icra edir.
Buna paralel olaraq Prezident İlham Əliyevin bu il yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi də davam etdirilir. Bu layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km qısalaraq 84.6 km təşkil edəcək. İlkin hesablamalara görə, tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq.
Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. Layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.
Yeri gəlmişkən, yeni Füzuli-Şuşa avtomobil yolu Füzuli Hava Limanı ilə əlaqələndiriləcək. Bu səbəbdən yoliun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da nəzərdə tutulur. Çəkilişi 4 hissə üzrə aparılan Yeni Füzuli-Şuşa avtomobil yolunun inşasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azvirt” MMC və Türkiyənin “Kolin İnşaat” şirkəti başqa olmaqla türk şirkətlər qrupu iştirak edir.
Hazırda yolun 0-3, 34-37 və 51-53-ci km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə işlər davam etdirilir.
Yolun istifadəyə verilmə tarixinə gəlincə AAYDA-dan verilən məlumata görə, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur. Bu yol sayəsində Bakıdan Şuşaya olan məsafə də qısalaraq təqribən 345 km təşkil edəcək. Bundan əvvəl paytaxtdan Şuşaya məsafə 400 km-dən çox olub.
Göründüyü kimi, erməni politoloqun iddiasının əksinə bu ilin yanvar ayından etibarən Şuşaya uzunluğu 101,5 kilometrlik xidməti yolla getmək mümkündür. Sentyabr ayında isə bu yolda asfaltlanma işləri də başa çatacaq. Digər, yeni Füzuli-Şuşa yolu isə gələin il istifadəyə veriləcək.
Saxta.info bu qənaətə gəlib ki, Füzulidən Şuşaya çəkilən yollarda işlərin gedişatı və sürəti erməni politoloqun iddiasının əsassız olduğunu göstərir.