“Vətəndaş dövlətin idarəetmə xərclərini vergi ödəməklə öz üzərinə götürür. Ancaq vətəndaş hər hansı məsələ üçün müraciət edəndə deyirlər ki, filan qədər rüsum ödə”. Qafqazinfo.az saytı xəbər verir ki, bu fikirləri azərbaycanlı deputat Qüdrət Həsənquliyev parlemantin iclasında səsləndirib. Dənizçilər üçün vəsiqəyə görə rüsum tələb edilməsinə etiraz edən deputat şəxsiyyət vəsiqəsi üçün nəzərdə tutulan rüsumun alınmasını da doğru saymayıb: “Kimsə şəxsiyyət vəsiqəsi alırsa, ya vaxtı bitib dəyişirsə niyə rüsum ödəsin ki?!”
Saxta.info deputatın bu fikrinin nə dərəcədə əsaslı olduğunu yoxlayıb.
Öncə qeyd edək ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə (55 yaşı tamam olmuş şəxslərə isə qeyri-müəyyən müddətə) verilir.
Şəxsiyyət vəsiqəsi aşağıda göstərilən hallarda dəyişdirilməlidir.
- şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə
- vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə,
- vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə,
vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.
Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə dövlət rüsumları belədir.
Bir sıra hallarda isə şəxsiyyət vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdirilir.
- Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində
- Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.
Şəxsiyyət vəsiqəsi üçün rüsumların müəyyənləşməsinə gəlincə, bu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.
Dövlət rüsumunun tutulduğu hallar bu qanunun 2-ci maddəsində əksini tapıb. Bu sırada Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsinın verilməsi halları da daxildir.
Qanunun 4-cü maddəsində (dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları) dövlət rüsumunun alınmasının məqsədi də açıqlanır. Sözügedən maddədə qeyd edilir ki, qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (bu Qanunun 4.1-4-cü maddəsi nəzərə alınmaqla “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 18 faizi (bu Qanunun 4.1-1 – 4.1-4-cü maddələrində nəzərdə tutulmuş hal istisna olmaqla və ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.
Yeri gəlmişkən, deputat dövlət rüsumu ilə bağlı irəli sürdüyü fikri əsaslandırmaq üçün vətəndaşın onsuz da idarəetmə xərcləri üçün vergi ödədiyini xatırladır.
Amma qanunvercilik bu iki anlayışın fərqli olduğunu göstərir.
İlk növbdə dövlət rüsumu anlayışına nəzər salaq. “Dövlət rüsumu haqqında” Qanunun 1-ci maddəsində dövlət rüsumu anlayışı belə izah edilib: Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Vergi anlayışına gəlincə, vergi – dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Sadalanan qanunverici aktlar, konkret maddə və anlayışlar belə deməyə əsas verir ki, rüsum konkret bir xidmətin qarşılığında ödənilən vəsaitdir. Bundan başqa qanunvericilikdə vətəndaşın vergi ödənişinin sənəd alarkən rüsumu əvəz edə biləcəyinə dair təsbit yoxdur.
Bu mənada saxta.info belə qənaətə gəlib ki, deputatın rüsumun alınmaması ilə bağlı açıqlaması əsaslı deyil.