Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb – Fərman

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalayıb.


Zafer TV  AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, ASC-nin hüquq və öhdəlikləri, habelə əmlakı agentliyə keçir.


Kosmik Agentliyi kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri peyk xidmətlərindən əldə olunan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılır.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə aidiyyəti şəxslə dəyəri agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verə bilər.


Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirəcək.


Nazirlər Kabineti Kosmik Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın agentliyin balansına verilməsini təmin etməlidir.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.