“Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir. İnsanlarımız da bunu görür və haqlı sual yaranır ki, yəni bir il ərzində toy keçirməyin yolları tapılmadı?”. Bu açıqlama ilə Azərbaycan Milli Məclisinin üzvü Razi Nurullayev çıxış edib. Millət vəkili hesab edir ki, Operativ Qərargah yollarını tapıb toyların keçirilıməsinə icazə verməlidir.
Saxta.info millət vəkilinin başqa ölkələrdə toylara icazə verildiyinə dair açıqlamasının əsaslı olub -olmadığını araşdırb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qəraragah koronavirus pandemiyası ilə əlaqədər ötən ilin mart ayının 13-dən etibarən Azərbaycanda toyların keçirilməsinə qadağa qoyub. Belə ki, həmin gün bütün Azərbaycan ərazisində xüsusi rejim tətbiq edilib. Operativ Qərargah koronavirus infeksiyasının sürətlə yayılmasını, virusun uzun inkubasiya dövrünün olmasını, vaksinin tapılmamasını, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunmasını əsas gətirərək ölkə ərazisində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınmasına qərar verib.
Qərara əsasən 14 mart 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan ərazisində bəzi sosial izolyasiya tədbirlərini start verilib. Qadağalardan biri də toy məclisləri ilə bağlı olub. Belə ki, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. Sonrakı müddətdə bir sıra izolyasiya tədbirləri ilə bağlı yumşalmalar olsa da toylara icazə verilməyib.
Rusiyada nikah mərasimi
Koronavirus pandemiyası ilə əlaqədar başqa ölkələrdə toylara qadağa qoyulmasına gəlincə, qeyd edək ki, qonşu Rusiyada toylara xüsusu qadağa qoyulmayıb. Ötən ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi koronavirus pandemiyası səbəbindən əvvəlcədən planlaşdırılan nikah qeydiyyatı və toy mərasimlərinin iyun ayının 1-dək təxirə salmağı təklif edib. Bildirilib ki, konkret olaraq nikah qeydiyyatını təxirə salmaq mümkün deyilsə dəvətlər ləğv edilsin, prosedur yalnız evlənən şəxslərin iştirakı aparılsın. Yeri gəlmişkən, ötən mart ayının 30-dan aprelin 5-dək Moskvada əvvəlcədən planlaşdırılan nikah qeydiyyatları təxirə salınıb.
Qadağa olmasa da ötən il Rusiyada toya hazırlaşan cütlüklərin demək olar ki, 70 %-i koronavirusa görə mərasimi ya tamamilə, ya da qismən təxirə salıb. Bu nəticə Raiffeisen Bank-ın apardığı araşdırma nəticəsində meydana çıxıb. Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Novosibirsk, Krasnoyarsk, Rostov-na-Don, Samara, Yaroslavl, Ufa, Çelyabinsk və əhalisi bir milyondan az olan digər şəhərlərdə aparılan araşdırma zamanı məlum olub ki, toya hazırlaşanların 35 %-i mərasimi tamamilə təxirə salıb, 33 %- i isə bir sıra bir sıra elementləri ləğv edib. Qalanları isə toylarını təxirə salmayıblar.
Ramzan Kadırov
Çeçenistan Respublikasında isə ötən ilin mart ayından koronavirus təhlükəsi ilə əlaqədar restoran və kafelərdə kütləvi tədbirlər və toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub. Bu barədə respublikanın prezidenti Ramzan Kadırov qərar qıəbul edib.
Azərbaycana qonşu olan Gürcüstanda da epidemioloji vəziyyətlə əlaqədar 2020-ci il sentyabr ayının 10-dan toylara qadağa qoyulub. Qadağanı pozanları 10 min lari (3250 dollar) cərimə gözləyir. Qadağa hələ də qüvvədədir.
Türkiyədə nikah mərasimi
Ötən ilin sentyabr ayının 4-də etibarən Türkiyədə də toylara məhdudiyyət qoyulub. Əvvəlcə 14 əyaləti əhatə edən qadağa həmin tarixdən bütün ölkəni əhatə edib. Türkiyə Səhiyyə Nazirliyinin tövsiyəsi, ölkə prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər Nazirliyi qərar hazırlayıb. Qərara əsasən toy, nikah, nişan mərasimləri qadağan edilib. Yalnız müddəti 1 saat olmaq şərtilə nikah qeydiyyatı mərasimlərinə icazə verilib. Bir şərtlə ki, masalar arasında məsafə nəzərə alınmalı, rəqs meydançaları isə ümumiyyətlə bağlanmalıdır. Bu ilin mart ayında isə Türkiyədə nikah və nikah mərasimi şəkilində təşkil olunan toylara icazə verilib. Amma sözügedən mərasimlərdə yoluxma sayı aza olan bölgələrdə 100 nəfər, riskli bölgələrdə isə 50 nəfər iştirak edə bilər. Mərasimin müddəti isə 1 saat müəyyənləşdirilib.
Türkiyədə toy
Bununla yanaşı qoruyucu tədbirlərə əməl olunması şərtdir. Qonaqlar mərasim zalına girərkən temperaturları ölçülür və tibbi maskadan istifadə isə məcburidir.
Böyük Britaniyada da toylarla bağlı məhdudiyyət var. Məsələn, Londonda 100-dən çox dəvətlinin qatıldığı toya görə təşkilatçıları 10 min funt-sterlinq cərimə gözləyir. Karallığa bəzi ərazilərində toylara qadağa qoyulub. Mərasim keçirilməsi mümkün olan yerlərdə isə say məhdudiyyəti var. Belə ki, dəvətlilərin sayı İngiltərədə 15, Şotlandiyada 20, Şimali İrlandiyada 25, Uelsdə isə 30 nəfəri keçməməlidir. Yeri gəlmişkən Polşada da toy və kütləvi əyləncələr qadağandır.
Saxta.info qeyd edilən faktlara əsasən bu qənaətə gəlib ki, millət vəkili Razi Nurullayevin açıqlaması əsasən doğrudur.