Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır.
Zafer TV AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.
Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız”.