Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərilir. Bu sözlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfinin hərbçilərini Azərbaycanın beynəlxalq tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə ünvanladığı məktuba əksini tapıb. Qeyd edək ki, 1 mart 2021-ci ildə ünvanlanan məktub Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Məktubda vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirilməsi Ermənistanın beynəlxalq öhdəlikləri, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və riayət etmək öhdəliyini kobud şəkildə pozması deməkdir.
Saxta.info xarici işlər nazirinin bu fikirlərinin reallıqla uyğun olub-olmadığını araşdırmağa çalışıb.
Ondan başlayaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması şərti Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatında təsbit olunur. Həmçinin Azərbaycan XİN-nin BMT-yə məktubunda Ermşnistandan Qarabağa hərbçilərin göndəriıməsinin qeyri-qanuniliyinin bildirilməsi şübhə doğurmamalıdır, çünki BMT başda olmaqla beynəlxalq ictimaiyyət daim Qarabağı və onun dağlıq ərazisi də daxil olmaqla Azərbaycan Respublikasının suveren ərazisi hesab edib və edir.
Erməni hərbçilərinin qanunsuz olaraq Dağlıq Qarabağa göndirilıməsinə dair təkzibolunmaz dəlillər var. Xatırladaq ki, Amerikalı jurnalist Patrik Lankaster fevral ayının 26-da öz feysbuk səhifəsində Ermənistandan Qarabağa hərbçi göndərildiyini təsdiqləyən video hesabat yayıb.
Video Ermənistan Müdafiə Nazirliyinin qarşısında övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edən bir qrup valideynin keçirdiyi aksiya zamanı lentə alınıb. Əsgər anaları bildirirdilər ki, çıxışları hakimiyyət qarşı deyil, onları öz övladlarının taleyi narahat edir.
Valideynlər qeyd edirdilər ki, övladları Ermənistan ərazisində xidmətlərini davam etdirməlidirlər. İki oğlunun 44 günlük müharibədə iştirak etdiyini, hərbi xidmətlərinin bitməsinə 5 ay qaldığını bildirən aksiya iştirakçılarından biri tələb edirdi ki, hökumət onların Qarabağa qaytarmaqdansa Ermənistan ərazisindəki hərbi hissələrdən birində xidmət etməsinə şərait yaratmalıdır.
Əsgər valideynlərinin çıxışlarından çıxarışlar:
– 25 fevral, gecə saat 3-də əsgərlər Ermənistandan gizli şəkildə tikinti materialları üçün nəzərdə tutulan qapalı bir avtomobildə Qarabağa göndərilib.
– Əsgərlərin mülki geyimdə sərhəddən keçirilməsi praktikası tətbiq edilir.
– Sülhməramlılar Ermənistan hərbçilərinin keçməsinə icazə vermirlər, buna görə də Ermənistan tərəfi bu cür tədbirlərə əl atır.
– Ermənistan Silahlı Qüvvələrinin Qarabağda qalan əsgərlərini tətilə buraxmırlar, çünki onları geri qaytarmaq çətin olacaq.
– Əsgərlər Qarabağda xidmət etmək istəmirlər, buna görə qanunsuz hərəkətlər barədə kütləvi şəkildə məlumatlandırılırlar.
– Rəsmi olaraq, Ermənistan hökuməti Ermənistandan olan çağırışçıların Qarabağda xidmət etməyəcəyini bildirib.
Ermənistanın Müdafiə Nazirliyinin qarşısında “Bizim uşaqlar Qarabağda xidmət etməyəcəklər” devizi altında keçirilən mitinq – artıq bu ifadələrin motivləri və kim tərəfindən keçirilməsi, nəticənin necə olması vacib deyil – biz artıq bütün mümkün qırmızı xətlərə çatmışıq və keçmişik. Bu barədə özünün Facebook səhifəsində “Enaket” analitik mərkəzinin rəhbəri, qondarma DQR prezidentinin sabiq müşaviri Tiqran Abramyan Ermənistan Respublikasının Müdafiə Nazirliyinin qarşısında keçən etiraz aksiyasını şərh edərkən yazıb.
Amerikalı jurnalistin videoreportajı Ermənistandan Azərbaycana hərbçilərin qeyri-qanuni gətirilməsinə dair yeganə dəlil deyil.
Sputnik-Ermənistan agentliyinin 8 yanvar tarixli xəbərində Yerevanda çağırışçı valideynlərinin növbəti etiraz aksiyası barədə məlumat əksini tapıb. Vazgen Sarkisyan adına hərbi məktəbin qarşısında aksiya keçirən valideynlər oğullarını Qarabağa göndərmək istəyən Müdafiə Nazirliyindən zəmanət tələb ediblər.
Valideynlər bildiriblər ki, ötən il noyabrın 30-da keçirilən etirazların nəticəsi olaraq hökumət onlara övladlarının Ermənistanda hərbi xidmət keçəcəyinə dair vəd verib. Lakin sonradan bəzi qrupların yenidən Qarabağa göndəriləcəyi bildirilib.
Ermənistan hərbçilərinin Laçın dəhlizi ilə Azərbaycan ərazisinə köndərilməsinə dair başqa dəlillər də var.
29 dekabr 2020 tarixində yayılan kadrlarda erməni əsgərlərin Laçın dəhlizindəki rus sülhməramlılarının postundan keçdiyi görünür, həmin hərbçilər sonradan Şuşa şəhərinin girişində ortalığa çıxırlar. Daha sonra isə Daşaltı kəndi yaxınlığında görünürlər.
Oxşar məzmunda mesaj və videolar dəfələrlə sosial şəbəkələrin Azərbaycan seqmentində də yayımlanıb.
Beləliklə, çoxsaylı foto və video faktlar, şifahi və yazılı dəlillər xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibinə ünvanladığı məktubda əks olunan ittihamları, yəni Ermənistandan Qarabağa hərbçi göndərməsinə dair məsələni təsdiqləyir.