Milli Həmrəylik Partiyasının (MHP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.Bu gün tarixin və insanlığın ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımının 29-cu ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı rus-sovet motoatıcı alayının hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində – Xocalı şəhərində kütləvi qırğın, qanlı soyqırımı törədiblər. Həmin gecə Xocalıda ümumbəşəri dəyərlər, Avropa dəyərləri, insan hüquqları kobudcasına tapdalanıb, ayaqlar altına atılıb.
Diqqət edin, Xocalı şəhərinin sakinləri müharibə iştirakçıları deyildi və bu soyqırımı iki tərəfin hərbi əməliyyatı zamanında hərbçilərə qarşı törədilməyib. Bu vəhşilik məhz dinc insanlara, mülki əhaliyə qarşı törədilib. Xocalılar əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmə aktının nəticəsində qətlə yetirilib. İnsanlarımız xüsusi vəhşiliklə öldürülüb, onların meyitləri təhqirə məruz qalıb, tanınmaz hala salınıb. Bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi , millətçi ziyalıları, səhra komandirləri, müharibə caniləri tərəfindən təşkil edilib.
Belə ki, o insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Eləcə də hamilə qadınların qarnı süngü ilə deşilib, döşləri kəsilib. Ümumən bu soyqırımının nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq isə valideynlərindən birindən məhrum olub.Bununla da, 30 ilə yaxın dönəmdə Azərbaycana qarşı işğalçı və təcavüzkar mövqe tutan, dinc azərbaycanlılara qarşı etnik təmizləmə və terror siyasəti aparan, 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salınmasına bais olan, Ağdam şəhərini “Qafqazın Xirosiması”na çevirən faşist və vandal Ermənistan dövləti Xocalı faciəsinə imza atmaqla tarixi yaddaşlara həkk olunmuş Katın, Liditsa, Oradur, Holokost, Sonomi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrin, soyqırımlarının siyahısını genişləndirmiş oldu.
Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmaması gələcəkdə növbəti kütləvi qırğınlar üçün də münbit zəmin yaradıb. Təcavüzkarlığın cəzalandırılmadığını görən Ermənistan işğal siyasətini davam etdirməyə şirniklənib və torpaqlarımızı tam 30 il ərzində işğal altında saxlayıb. Təcavüzkar cəzasız qalanda isə nəticəsi həmişə ağır olur.Amma ermənilərin bu təcavüzkarlığı dünya dövlətlərinin, beynəlxalq təşkilatların gözü qarşısında baş verdiyi üçün dünya liderləri dərk etməliydilər ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilmiş cinayətdir. Və onlar bilməliydilər ki, bu gün dünyanın bir nöqtəsində (Xocalıda) qan tökən erməni faşizmi sabah isə dünyanın başqa guşələrində və başqa formalarda üzə çıxa, növbəti kütləvi qırğınların törədilməsinə səbəb ola bilər.
Lakin təəssüf ki, həmin vaxt dünyanı idarə edənlər liderlər, sülh və əminamanlıq üçün məsuliyyət daşıyan təşkilatlar bu incə həqiqəti başa düşə bilmədilər, yadaki sadəcə başa düşmək istəmədilər. Alman faşizmini cəzalandırmaq üçün Nürnberq məhkəməsini quran dünya ictimaiyyəti erməni faşizminə qarşı yumşaq davrandı, onu cəzasız buraxdı. Ona görə də, soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına hələ də lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.
Məhz bu cəzasızlığın nəticəsidir ki, təcavüzkar Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutdu, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu, dinc şəhərlərimiz bombalandı. Bunun nəticəsində 12-si uşaq olmaqla, 94 nəfər mülki azərbaycanlı həlak oldu, 50-si uşaq olmaqla, 414 nəfər yaralandı, 3 410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdıldı. Bəli, bütün bunların baiskarı 29-30 ildir cəzasız qalan faşist Ermənistan dövlətidir.
Biz dünyanın erməni faşizminə susqun yanaşmasının, erməni faşistlərinin cəzalandırılması üçün dərhal hərəkətə keçməməsinin səbəblərini heç cürə başa düşə bilmirik. Biz dünya ictimaiyyətinin Xocalı soyqırımına bu cür biganə münasibətini qeyri-adekvat və qəbuledilməz hərəkət kimi qiymətləndiririk. Və bir daha diqqətə çatdırmaq istəyirik ki, məhz sizin bu cür qeyri-adekvat yanaşmanız gələcəkdə oxşar cinayətlərin, növbəti kütləvi qırğınların təkrarlanmasına zəmin yaradır.Biz sizi təkcə erməni əsgər analarını dinləməklə və həlak olmuş erməni əsgərləri üçün dualar etməklə kifayətlənməməyə çağırırıq. Ədalət birtərəfli ola bilməz. Və yaxud, haqqı qoyub nahaqqı müdafiə etmək də ədalətlilik, obyektivlik sayıla bilməz. Biz sizi bu cür “ikili standartlar”dan əl çəkməyə və nəhayət ki, erməni faşizminə obyektiv qiymət verməyə, o cümlədən erməni faşizminin törətdiyi qətliamlar və vəhşiliklər nəticəsində Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 25 min, İkinci Qarabağ müharibəsində isə həlak olmuş 6 min insan haqqında fikirləşməyə dəvət edirik.Onu da mütləq nəzərə alın ki, bu qədər insanın məhvinə səbəb olmuş hər iki müharibə Ermənistan ərazisində deyil, məhz Azərbaycan ərazisində aparılıb.
Yəni ki, torpaqları işğala məruz qalan ölkə Ermənistan deyil, Azərbaycan Respublikasıdır. Ermənilər bizim torpaqlarımızı məhz sizin – beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların gözü qarşısında 30 il ərzində işğal altında saxlayıblar.