Azad edilən ərazilərdə mina faciələri… – Xəritə niyə verilmir?

Hər bir hərbi əməliyyatın sona çatmasından sonra işğalçı tərəf zəbt etdiyi torpaqlardan çıxarkən yerləşdirdiyi mina xəritəsini təqdim etməlidir. Lakin Qarabağda hərbi əməliyyatların bitməsinə baxmayaraq erməni tərəfi Azərbaycana bu xəritələri təqdim etməkdən boyun qaçırır.

Zafer Tv Hit.az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə isə 10 noyabr bəyanatından sonra hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə 5 hərbi qulluqçu, 9 mülki şəxs minaya düşərək həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəs bu cür faciələrin davam etməməsi üçün Azərbaycan tərəfi nə etməlidir?

Mövzu ilə bağlı Bakupost-a danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov qeyd etdi ki, erməni tərəfinin məqsədi insanların xəsarət alması, həlak olmasıdır:

“Onlar müharibə zamanı torpaqları əbədi tərk etdiklərini hiss etmişdilər. Bu isə ermənilərin çarəsizliyinin nəticəsidir. Azərbaycan Ordusuna müqavimət göstərə bilmədilər, eyni zamanda başa düşürlər ki, bu onların torpaqları deyil. Özgə millətin torpaqlarıdır. Bəs nə etsinlər? Xalqa xəsarət yetirsinlər. Bu, demək olar ki, əsl təxribat və diversiyadır, onların içüzüdür. Ermənistan hər zaman terrorla məşğul olan bir ölkə olub. Hakimiyyəti də elə terrorçulardır. Hələ Sovet dövründən terrorla məşğuldurlar. Bu, terrorun yeni bir formatıdır. Dinc əhaliyə qarşı müharibə, minaların orada gizlədilməsi, Azərbaycana qarşı nifrət dərəcəsi o qədər yüksəkdir ki, düşünmürəm ki, onlar mina xəritələrini bizə təhvil versinlər. Bizim minalarla bağlı yeni agentliyimiz yaradıldı. Agentlik özü bu məsələlərlə məşğul olaraq bütün əraziləri təmizləyəcək. Onların minnətinə belə ehtiyacımız yoxdur”.

Siyasi şərhçi Şahin Cəfərli isə əsas qərarverici tərəfin ermənilər olduğunu düşünmür:

“Hazırda Dağlıq Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan ərazilərinə görə məhz Rusiya ilə danışıqlar aparmalıyıq. Əgər elə bir xəritə varsa tələb etməliyik ki, Rusiya tərəfi minalanmış sahələrin xəritəsini ermənilərdən alıb bizə versin. Eyni zamanda mümkündür ki, onlar nizamlı şəkildə xəritə əsasında heç bir minalanma aparmasınlar. Yəni harada gəldi basdırıb qaçıb, gediblər. Hər halda Rusiya sülhməramlılarının mövcud olduğu ərazilərlə bağlı istənilən problemi ilk növbədə Rusiya hökuməti ilə müzakirə aparmalı, həll etməliyik. Artıq Ermənistan hökumətini və ya Xankəndindəki oyuncaq cinayətkar rejimin orada nəyisə həll etdiyini düşünmürəm. Orada hər şeyi Rusiya həll edir, biz də onlarla bu məsələləri həll edib, müzakirə aparmalıyıq”.