ÜST: COVID-19 xəstələrinin həyatını xilas etmək üçün qeyri-infeksion xəstəliklərə diqqət artırılmalıdır
COVID-19 xəstələrinin həyatını xilas etmək üçün qeyri-infeksion xəstəliklərə diqqət artırılmalıdır.
ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus və “Bloomberg LP” media konserni ilə “Bloomberg Philanthropies” təşkilatının təsisçisi Maykl Blumberq çağırış ediblər. Birgə açıqlamada bildirilir ki, diabet, hipertoniya, qan-damar xəstəlikləri, xərçəng və bir sıra nəfəs yolları xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərə qarşı qlobal fokus gücləndirilməlidir. Çünki bu xəstəliklər dünyada ölüm hallarının 74 faizindən çoxuna səbəb olur və COVID-19 pasiyentlərində xəstəliyin gedişatına ağırlaşdırıcı təsir göstərirlər. Qeyd edilib ki, koronavirus pandemiyası qeyri-infeksion xəstəliklərin nə qədər təhlükəli olduğunu, eləcə də bu xəstəliklərə qarşı mübarizədə ictimai səhiyyə sisteminə sərmayə qoyuluşunun vacibliyini nümayiş etdirir. “Ona görə də biz dünyanın siyasi və iqtisadi liderlərini qeyri-yoluxucu xəstəliklərə qarşı kəskin addımlar atmağa çağırırıq. Qeyri-yoluxucu xəstəliklərin səviyyəsi nə qədər az olarsa, pandemiya dövründə ölüm halları bir o qədər aşağı ola bilər,” – deyə T. Qebreyesus bildirib.
M. Blumberq isə bildirib ki, “Bloomberg Philanthropies” təşkilatı tütün istehlakının azaldılması, sağlam qidalanmanın təşviq olunması, qan-damar xəstəliklərinin qarşısının alınması və digər sahələrdə ÜST ilə sıx əməkdaşlıq edir və qeyri-infeksion xəstəliklərin yaranmasına yol açan səbəblərlə mübarizədə beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlığı davam etdirəcək.
ÜST-nin məlumatına görə, qeyri-infeksion xəstəliklər dünyada hər il 40 milyon insanın ölümünə səbəb olur. Bu xroniki xəstəliklər koronavirus pandemiyası dövründə sayı 2 milyonu ötən ölüm hallarının artımına təsir göstərir. Köklük (adipositas), tütün istehlakçısı olan və həmçinin hipertoniyadan əziyyət çəkən insanların COVID-19-a yoluxaraq bu xəstəliyi ağır formada keçirmə və ölüm hallarına daha çox rast gəlinir.
“Bloomberg”in qeyri-infeksion xəstəlik və xəsarətlərə qarşı mübarizəyə töhfəsini nəzərə alaraq, T. Qebreyesus, həmçinin elan edib ki, M. Blumberq artıq üçüncü müddətə ÜST-ün bu sahə üzrə qlobal elçisi vəzifəsinə layiq görülüb.