Dünyanı təşvişə salan koronavirusun yeni ştammlarının ölkəmizdə də yayılma riski yüksəkdir.
Bunu ZaferTv.az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.
İnfeksionist bildirib ki, koronavirusun yeni ştammının bütün yaş qruplarında yayılma riski yüksəkdir:
“Bir çox ölkələrdə və eyni zamanda qonşu ölkələrdə də mutasiyaların nəticəsi olaraq yoluxma sayında artma qeyd olunur. Və yeni ştammların bütün yaş qruplarında, eləcə də uşaqlar arasında yayılma riskinin yüksək olduğu bildirilir. Lakin uşaqlar daha ağır keçirir və ölüm faizi yüksəkdir deyə paylaşılan məlumatlar tam təsdiqini tapmayan məlumatlardır. Bu günə kimi uşaqlarda belə bir vəziyyət yaşanılmayıb.
Son bir ay ərzində xəstə sayında kəskin azalmanı görürük. Bildiyimiz kimi, artıq ölkəmizdə karantin qaydalarında müəyyən yumşadılma başlanılıb, məktəblər açılıb. Bu, sevindirici hal olsa da, rahat olmamalıyıq. Unutmamalıyıq ki, pandemiya hələ də davam edir. Yeni ştammların yoluxdurucu qabiliyyətinin yüksək olmasını nəzərə alsaq, daha ağır vəziyyətlə qarşılaşa bilərik. Bu vəziyyəti yaşamamaq üçün kütləvi vaksinasiya prosesi həyata keçirilənə qədər qorunma tədbirlərinə daha ciddi riayət edilməlidir”.