İndi tariximizin yeni səhifəsidir.
ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, – o, 4,3 faiz olmuşdur, – bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl nümayişidir və “Maire Tecnimont” kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlıq, əlbəttə ki, bizə kömək etdi və gələcəkdə də kömək edəcək”.