Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsi AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyliyə aid edilən maliyyə ittihamları ilə bağlı açıqlama verib.
Bölmədən ZaferTv.az-a daxil olan açıqlamada bildirilir ki, AMEA Dilçilik İnstitutunvaxtilə ayrılmış 2 milyon manat vəsaitin xərclənməsində şübhəli məqamların olmasına, bu işə nəzarət edilməməsinə görə Humanitar və İctimai Elmlər Bölməsinin rəhbərliyini ittiham etməkdə davam edir:
“AMEA Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək üçün 2 milyon manat maliyyə vəsaiti 29 may 2012-ci il tarixli Sərəncamla ayrılmışdır. Mövcud Sərəncama uyğun olaraq, Dilçilik İnstitutunun avadanlıqların alınması işi 2012-2013-cü illərdə həyata keçirilmişdir. Əvvəla, akademik İsa Həbibbəyli 2013-cü ilin may ayından sonra AMEA-da vitse-prezident kimi işə başladığı üçün həmin sərəncamın icra edilməsi ilə məşğul ola və ya ona nəzarət edə bilməzdi. İrəli sürülən ittiham qeyri-obyektiv və absurddur. Ümumiyyətlə, akademik İsa Həbibbəyliyə aid edilən maliyyə ittihamlarının heç biri qətiyyən həqiqəti əks etdirmir, qarşı tərəfin səbəbi məlum olmayan iddialarından ibarətdir”.
Açıqlamad qeyd edilir ki, Akademiyada ümumiyyətlə vitse-prezidentlik vəzifəsi vasitəsilə maliyyə vəsaiti köçürmək proseduru yoxdur. Ona görə də AMEA-nın vitse-prezidenti kimi İsa Həbibbəylinin Dilçilik İnstitutuna avadanlıqların alınıb-alınmaması ilə hər hansı bir əlaqəsinin olması mümkün deyildir:
“AMEA Humanitar və İctimai Elmlər Bölməsi Dilçilik İnstitutuna avadanlıqların alınması ilə əlaqədar və ya istənilən digər maliyyə məsələləri ilə bağlı olaraq vitse-prezident kimi Elmi Bölmənin rəhbərinə qarşı irəli sürülən bütün ittihamları birmənalı şəkildə rədd edir”.